UEFA Konfrans Liqasındakı təmsilçimiz “Sabah” Bakıdakı ilk Avrokubok matçının hazırlıqlarını davam etdirir.
Komandamız Masazır qəsəbəsində yerləşən “Bank Respublika” Arenada Latviyanın RFS kollektivi ilə üz-üzə gələcək. Riqa şəhərində keçirilən ilk qarşılaşmada təmsilçimiz 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlmə imkanlarını demək olar böyük ölçüdə həll etmişdi. Komandamızın qollarının müəllifi isə Davit Volkov və Boyan Letiç olmuşdu. Bakıdakı qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında “Sabah”ın baş məşqçisi Murad Musayev jurnalistlər önünə çıxıb. O, rəqibin iddiasından söz açıb:“RFS güclü komandadır. Təkcə bu il yaxşı oynamırlar. Ötən mövsüm qruplarda çıxış ediblər. Fikrimcə, Latviyanın ən güclü komandasıdır. Bu matç klubumuzun tarixində əlamətdar gündür. Evdə ilk avrokubok matçına çıxacağıq. Bu uğura getmək üçün uzun yol qət etdik. Bizi çətin oyun gözləyir. rəqibin güclü tərəflərini zərərsizləşdirib öz oyunumuzu göstərmək istəyirik. Əsas məqsədimiz ilk oyunda etdiyimiz səhvlərdən nəticə çıxarmaqdır.“
Qeyd edək ki, “Bank Respublika” Arenada keçiriləcək “Sabah” – RFS qarşılaşması bu gün saat 20:00-də başlanacaq. Görüşü Fedai Sanın rəhbərlik etdiyi isveçrəli hakimlər briqadası idarə edəcək.